29.04.2021

Bu gündən məktəb seçmək və müsahibəyə yazılmaq mümkündür

29 aprel saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci sinfə şagird qəbulu ilə bağlı sorğuların yerləşdirilməsi prosesinə başlanılır. Həmçinin, qeyd edilən tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start verilir. Müsahibəyə yazılma mərhələsinin 8 iyun 2021-ci il saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə 4 may tarixindən 14 iyun tarixinədək təşkili planlaşdırılır.

Bu gün eyni zamanda saat 11:00-dan etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat başlanılır.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunur. Beləki, nazirliyin rəsmi internet saytınınSual-cavabbölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçixidməti əlavə edilib və birinci sinfə şagird qəbulu “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.