04.05.2021

VI Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb

Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının ilkin mərhələsində 22531 şagird iştirak edib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

Rayon ( şəhər) mərhələsinin nəticələri ilə olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.