03.09.2021

İnklüziv təhsil üzrə təlimlərin icrasına başlanılıb

    Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlayıb. 

İlk təlimlər 23-25 avqust 2021-ci il tarixlərində inklüziv təhsil tətbiq olunacaq şəhər və bölgələrin psixoloji-tibbi-pedaqoji komissiyalarına keçirilib. 37 nəfər komissiya üzvünün iştirak etdiyi 3 günlük təlimlərdə inklüziv təhsil, əlillik, əlilliyi olan uşaqların funksionallığına dair Beynəlxalq Təsnifat, o cümlədən inklüziv siniflərdə təlim-tədris prosesinin təşkili qaydaları müzakirə edilib.

    Təlimlər zamanı iştirakçılara layihə haqqında məlumat verilib və layihəyə cəlb olunacaq mütəxəssislərin vəzifələri, layihədə rolu, həmçinin əlilliyi olan uşaqların valideynləri ilə iş kimi mövzular əhatə edilib. 

Bundan əlavə, “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda keçirilmiş 36 akademik saatlıq təlimdə ümumilikdə 63 nəfər məktəb heyəti iştirak edib. 26-31 avqust 2021-ci il tarixlərində keçirilmiş 6 günlük təlimlərdə inklüzivlik və inklüziv təhsilin əsasları, əlillik və əlilliyə tibbi və sosial yanaşma, uşaqyönlü pedaqogika, universal öyrənmə dizaynı, inklüziv dərslərin planlaması kimi mövzular müzakirə olunub. 

    Çoxsaylı interaktiv oyunların keçirildiyi bu təlimlərdə, həmçinin əsas sinif strategiyaları, diferensiallaşdırma və inklüziv siniflərdə qiymətləndirmə mövzuları da əhatə edilib və inklüziv təhsilin həyata keçirilməsində müəllim, valideyn, icma və digər tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətinin olduqca vacib olduğu vurğulanıb.


Açar sözlər: ,