19.11.2021

9 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səmədova Fəridə Əli qızı “Zəfər yolu” inşa müsabiqəsində I dərəcəli diplomla təltif olunub

Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib.

 

Əvvəlcə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov əvvəlcə qazanılan Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib. Zəfər tarixinin Azərbaycanın əsrlər boyu mövcud tarixinin ən parlaq səhifəsi olduğunu vurğulayan Əli Əhmədov bu şərəfli tarixin gələcək nəsillərə çatdırılmasında, qələbəmizin təbliğ və təşviqində görülən işlərin böyük məna daşıdığını qeyd edib. “Zəfər yolu” inşa müsabiqəsinin də bu baxımdan müstəsna roluna toxunan Əli Əhmədov təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bugünkü gənc nəsildən əsas gözləntilər daha dərin, müasir bilik və bacarıqlara yiyələnmələri, mükəmməl vərdişlərə sahib olmaları, bununla da Azərbaycanın inkişafı üçün töhfə verə biləcək, layiqli bir vətəndaş kimi yetişmələrindən ibarətdir.  

 

Çıxışının sonunda Əli Əhmədov müsabiqəsinin təşkilində əziyyəti keçən hər kəsə təşəkkür edib, uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun şücaəti nəticəsində möhtəşəm Zəfərin qazanılması ilə Azərbaycan təhsilində yeni bir səhifə açıldı və bu səhifənin mahiyyəti təhsilin istiqamətini dəyişdi. Emin Əmrullayev qeyd edib ki, təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə təkcə bilik və bacarıqları deyil, həm də hər kəs üçün müqəddəs olan vahid dəyərləri formalaşdırmaqdır. Bu il tədris sisteminin məzmun və mahiyyətinin Zəfərə həsr olunduğunu bir daha diqqətə çatdıran nazir bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən görülən işlərdən danışıb. “Zəfər tarixi” dərsliyindən söz açan Emin Əmrullayev bildirib ki, bu dərsdənkənar məşğələlər Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq.

 

Sonda müsabiqə qaliblərini təbrik edən təhsil naziri təşkilatçılara öz təşəkkürünü ifadə edib və qalibləri təbrik edib.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov bildirib ki, sözügedən müsabiqə  Zəfər tarixi barədə şagirdlərdə məlumatlılıq səviyyəsinin artırılması, onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. 

 

Daha sonra I yerin qaliblərindən olan, İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin VIII  sinif şagirdi Aişə Mürsəliyeva və Cəlilabad rayonu Sabirabad kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Elçin Ələkbərov çıxış edərək öz təəssüratlarını bölüşüblər.

 

Sonda müsabiqənin nəticələrinə əsasən I, II və III yerə layiq görülmüş şagirdlərə hədiyyələr təqdim edilib.

 

Tədbir konsert proqramı ilə davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,