Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və cavabları

Sual: Respublika fənn olimpiadaları (RFO) nədir? Cavab: Respublika fənn olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Sual: RFO hansı turlardan və mərhələlərdən ibarətdir?

Cavab: Respublika fənn olimpiadaları rayon (şəhər) mərhələsi və respublika mərhələsi olmaqla iki mərhələdən, respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.

 

Sual: RFO hansı fənlər üzrə keçirilir?

Cavab: Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.

 

Sual: RFO-da necə iştirak edilə bilər?

Cavab: Respublika fənn olimpiadalarında iştirak (9-11-ci sinif şagirdləri) məqsədilə portal.edu.az saytından qeydiyyatdan keçə bilərsiniz. Xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri isə məktəb psixoloqu və direktorun təqdimatı əsasında əvvəlki illərdəki respublika səviyyəli nailiyyətlərini təsdiq edən sənədlərlə birlikdə Təhsil İnstitutuna müraciət edərək iştirak edə bilərlər.

 

Sual: Qeydiyyat hansı tarixləri əhatə edir?

Cavab: Qeydiyyat 10-20 dekabr 2021-ci il tarixlərində həyata keçiriləcək.

 

Sual: Qeydiyyat hansı mərhələlərdən ibarətdir?

Cavab: Qeydiyyat 3 mərhələdən ibarətdir: - Şagirdlərdən sorğuların qəbul edilməsi 10-20 dekabr; - Yerləşdirmə 25-30 dekabr; - Buraxılış vərəqələrinin çapı 5-10 yanvar aralığında həyata keçirlir. Hər bir şagird RFO rayon (şəhər) mərhələsi zamanı ancaq və ancaq bir dəfə qeydiyyatdan keçə bilər.

 

Sual: RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər?

Cavab: Respublika fənn olimpiadalarında əsasən IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.

 

Sual: RFO-da tapşırıqlar kimlər tərəfindən hazırlanır?

Cavab: Respublika fənn olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.

 

Sual: RFO tapşırıqları hansı mövzuları əhatə edir?

Cavab: Respublika fənn olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilib, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilib.

 

Sual: RFO rayon (şəhər) mərhələsində növbəti tura keçid faizi nə qədərdir?

Cavab: Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60 faiz və yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmə hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə olaraq aşağı salına bilər.

 

Qeydiyyatla bağlı suallar

Sual 1. Respublika fənn müsabiqələrinə necə qeydiyyatdan keçməliyəm?

 Cavab: Respublika fənn olimpiadalarına müraciət etmək istəyən şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Olimpiadalar və Müsabiqələr” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.

 

Sual 2. Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm? Cavab: Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Əgər müraciətinizi tamamlayıb göndərməmisinizsə, mütləq “Olimpiadalar və Müsabiqələr” xidmətini seçməklə, müraciətinizi göndərməlisiniz.

 

Sual 3. Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?

 Cavab: Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.

 

Sual 4. Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?

 Cavab: Sistemə daxil olduqdan sonra “Olimpiadalar və Müsabiqələr” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.

 

Sual 5. Şəxsi məlumatlarımı necə daxil etməliyəm?

 Cavab: Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur.

 

Sual 6. Şəxsi məlumatlarım barədə nələrə diqqət etməliyəm?

Cavab: Qeydiyyat zamanı daxil edilən FİN, mobil nömrə, mail və digər məlumatların müraciətçinin özünə aid olmasına diqqət edilməlidir.

 

Sual 7. Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?

Cavab: Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.

 

Sual 8. Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?

Cavab: Müraciətinizə şəxsi kabinetinizdə “Olimpiadalar və Müsabiqələr” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətçilər “status” vasitəsilə prosesin gedişini izləyə bilərlər.

 

Sual 9. İmtahanda iştirak üçün buraxılış vərəqini necə əldə edə bilərəm?

Cavab: Müraciətini tamamlamış bütün müraciətçilər qeydiyyat müddəti bitdikdən sonra öz şəxsi kabinetlərindən “buraxılış vərəqi”-ni çap edə biləcəklər.

 

 Sual 10. Müraciət zamanı nələrə diqqət etməliyəm?

 Cavab: Müraciət zamanı daxil edilən təhsil və müsabiqə məlumatların düzgün doldurulmasına diqqət edilməlidir. Müraciətiniz təsdiqlədikdən sonra məlumatları dəyişdirmək mümkün olmayacaq.